Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətində “Xocalı soyqırımı: Tarixi həqiqət və milli yaddaş” mövzusunda tədbir keçirilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin, Xocalı qurbanlarının və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli və qanlı səhifələrindən biridir. O qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayət insanlığa qarşı yönəlmiş soyqırımı aktıdır və xalqımız bu faciəni heç vaxt unutmur.
Əhməd Vəliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib və bu istiqamətdə ardıcıl dövlət siyasətinin əsası qoyulub. Bu siyasətin bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlərin görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Xocalı şəhəri və kəndlərində məskunlaşma prosesi uğurla və planlı şəkildə davam etdirilir. Xocalı qurbanlarının xatirəsinin daim uca tutulması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər təşkilatının sədri Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva bildiriblər ki, rəşadətli Azərbaycan Ordusu ermənilərin bu əməllərini cavabsız qoymayıb.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün sonra qələbə ilə başa çatıb.
Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Çıxış edənlər Xocalı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, xalqımızın birliyinin və həmrəyliyinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirin sonunda günün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.