06 may 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib.
Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi və əhalinin rifah halının daha da yüksəldilməsidir. Bu baxımdan səyyar qəbullar vətəndaşların problemlərinin yerində öyrənilməsi və vaxtında həlli üçün mühüm əhəmiyyət daşıyır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.