Naxçıvanda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri və qazilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Həmin gün Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan televiziyasının hazırladığı "Ömrün Naxçıvan aşırımları" filminə baxış olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan televiziyasının hazırladığı filmdə dahi rəhbərin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, eləcə də Azərbaycanın gələcək inkişafı naminə göstərdiyi misilsiz xidmətlər işıqlandırılır. Televiziya filmi həmin dövrə aid unikal kadrlar və şahidlərin müsahibəsi əsasında hazırlanıb.