15 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Bağır Ələkbərovun ildönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Naxçıvan şəhər Polis İdarəsinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, 16 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, onların ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında şəhid Bağır Ələkbərov da əsl vətənpərvərlik nümunəsi göstərərək Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Qədirbilən xalqımız hər zaman şəhidlərini hörmət və ehtiramla anır, dövlətimiz isə onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. Biz şəhidlərimizin əziz xatirəsini daim yaşadacaq, onların vətənpərvərlik nümunələrini gələcək nəsillərə çatdıracağıq,” – deyə İsmayıl Gülməmmədov bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev çıxış edərək şəhidlərin müqəddəs amal uğrunda göstərdiyi qəhrəmanlıqlardan söz açıb, onların xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.
Tədbirin sonunda şagirdlər tərəfindən Vətənə və şəhidlərə həsr olunmuş şeirlər qiraət olunub.