Naxçıvanda növbəti “SUVAR!” aksiyası keçirilib

İyulun 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə növbəti dəfə “SUVAR” ekoloji aksiyası keçirilib.
Aksiyada Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Yaşıllaşdırma Xidmətinin əməkdaşları, Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti, EKO Könüllülər iştirak edib. Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyi gücləndirmək, ekoloji məsuliyyət hissini artırmaq və iqlim dəyişikliklərinə qarşı maarifləndirməni gücləndirməkdən ibarətdir.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Tədbir çərçivəsində ərazidəki ağaclara aqrotexniki qulluq göstərilib, torpaq yumşaldılıb, qurumuş budaqlar budanıb və suvarma işləri aparılıb.
Könüllülər tərəfindən ətraf ərazidə yaşayan vətəndaşlara yaşıllıqların artırılması və qorunmasının əhəmiyyətindən bəhs edən maarifləndirici bukletlər paylanılıb. Aksiya çərçivəsində "Tullantıları ekoçantaya dəyiş" təşəbbüsünün də baş tutması diqqət çəkən məqamlardan olub.
Qeyd edək ki, budəfəki ekoloji aksiya Naxçıvan şəhəri Heydər Əliyev küçəsinin ərazisində yerləşən yaşılıq sahəsində baş tutub. Eyni zamanda bu cür aksiyaların keçirilməsi bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.