Naxçıvanda kütləvi futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı, UEFA və "EA Sports" şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Naxçıvan mərkəzi stadionunda 10-13 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Taleh İbrahimov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Səfər Tağıyev iştirakçılara xoş arzularını çatdırıb, onlara gələcək həyatlarında uğurlar diləyiblər.
100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Naxçıvan Futbol Federasiyasının və AFFA-nın rəsmi şəxsləri birlikdə təqdim ediblər.