Dekabrın 24-də Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ictimai birliyin tədbiri keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirdə dövlət qurumları və ictimai təşkilatların rəhbərləri iştirak edib.
Tədbirdə Autizmli Uşaqlara Dəstək İctimai Birliyinin təsisçisi, Klinik psixologiya üzrə fəlsəfə doktoru Ayaz Seyidli çıxış edərək bildirib ki, xeyriyyə məqsədli ictimai birliyin yaradılmasında məqsəd autizmli uşaqları cəmiyyətə inteqrasiya etmək, onların ailələrinə mənəvi və psixoloji dəstək verməkdir. Naxçıvanda yaradılan bu mərkəzin tərkibində məktəb tipli təhsil, psixoloji dəstək, incəsənət, rəsm duyumunu bütünləmə, apiterapiya və digər xidmətlər göstəriləcək. Həmçinin Ayaz Seyidli, autizmli uşaqların hüquqlarının qorunması istiqamətində gələcək fəaliyyət planlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada 66 autizmli uşaq var. Bu uşaqlara dövlət səviyyəsində qayğı və psixoloji dəstək göstərilir. Dövlət dəstəyi ilə yanaşı qeyri-hökumət təşkilatlarının da bu fəaliyyətə qoşulması bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasını daha da sürətləndirəcək.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək bildirib ki, Autizmli Uşaqlara Dəstək İctimai Birliyin fəaliyyəti həm autizmli uşaqlara birbaşa dəstək olmaq, həm də dövlətimizin bu istiqamətdə gördüyü işlərə vətəndaş cəmiyyəti olaraq öz töhfəsini vermək məqsədi daşıyır. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan insanların yanında olmağın zərurətini diqqətə çatdırıb.
Tədbirdə digər çıxış edənlər, ictimai birliyin yaradılmasının əhəmiyyəti bu kateqoriyadan olan şəxslərin həyatındakı rolundan, onların həyatına qatacağı yeniliklərdən danışıblar.
Tədbirin davamında dövlətimizin autizmli uşaqlara göstərdiyi diqqət və qayğını əks etdirən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, bu təşəbbüs, cəmiyyətdə autizm spektr pozuntusu olan uşaqların hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi baxımından mühüm addımdır.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.