Naxçıvanda ilk dəfə “GreenFest” keçirilir

Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi festivalın açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanda “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib. COP29-un  Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan Samir Seyidəhmədli bildirib ki, eyni zamanda bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir.

Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəlik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov Naxçıvanda bu istiqamətdə görülən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il fevralın 23-də Naxçıvanda bununla bağlı müşavirə keçirilib, işçi qrupu yaradılıb və bu istiqamətdə muxtar respublikada görüləcək tədbirlər müəyyənləşdirilib. “GreenFest” də bu işlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi daşıyır.