Naxçıvanda gənclərin şəhid ailələri ilə görüşləri davam etdirilir

Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı  ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. İştirakçılar şəhidlərimiz Orucəliyev Qabil Əbdüləli oğlunun, Zeynalov Elnur Elsevər oğlunun, Rəcəbov Vaqif Yaqub oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. Tədbir iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də ətraflı tanış olublar.