Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. İştirakçılar şəhidlərimiz polis serjantı Əsgərov Ələsgər Zakir oğlu, baş leytenant Quliyev Orxan Vaqif oğlu və leytenant Quliyev Vəli Vəli oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva görüş zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.