Ölkəmizdə gənc istedadlara göstərilən diqqət və qayğı onların yaradıcılıq imkanlarının inkişafına geniş şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin gələcəyində mühüm rol oynayır. Bu gün isə həmin gənclərdən biri olan gənc rəssam Ramilə Əkbərovanın “Mənim rəngli dünyam” adlı fərdi sərgisi keçirilib. Qeyd edək ki, sərgi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub. Sərgidə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və icra hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmovda iştirak ediblər. Öz dünyasını əsərlərində əks etdirməyi bacaran Ramilə Əkbərova kiçik yaşlarından rəssamlığa olan marağı ilə seçilib. 25 iyun 2010-cu ildə Naxçıvan şəhərində anadan olan gənc istedad hazırda Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin şagirdidir. Peşəkar müəllimlərin düzgün istiqamətləndirməsi ilə Ramilənin rəssamlığa olan marağı daha da inkişaf edərək məqsədyönlü yaradıcılığa çevrilib. Qısa müddətdə müxtəlif sərgilərdə iştirak edən gənc rəssam öz istedadını uğurla nümayiş etdirib.
Ramilə Əkbərova artıq bir sıra uğurlara da imza atıb. Belə ki, 2025-ci ildə keçirilən “Qəhrəmanlıq izləri rənglərdə” adlı rəsm müsabiqəsində 1-ci yerə, “Suverenliyin şəklini çək” mövzusunda təşkil olunan müsabiqədə yenidən 1-ci yerə layiq görülüb. 2026-cı ildə isə “Xocalı həqiqəti rənglərdə” adlı müsabiqədə 2-ci yerin sahibi olub. Bundan əlavə o, müxtəlif fəxri fərman, təşəkkürnamə və diplomlarla təltif edilib.
Qeyd edək ki, sənətsevərlərin böyük marağına səbəb olan bu sərgi gənc istedadların tanıdılması və onların özlərinə inamının artması baxımından mühüm əhəmiyyət daşıyır.