Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar “Qadın hüquqlarının təsbiti və təminatı” mövzusunda tədbir keçirilib

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq tədbirin müstəqil dövlətimizin Konstitusiya və suverenlik dəyərləri çərçivəsində qadın hüquqlarının təsbiti və təminatı mövzusuna həsr olunduğunu bildirmişdir. Komitə sədri çıxışında qeyd etmişdir ki, Azərbaycan qadınları tarix boyu elm, mədəniyyət, siyasət və hərbi sahələrdə əhəmiyyətli uğurlar qazanmışdır. XX əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsi Azərbaycan qadınının siyasi arenaya çıxışının ilk mühüm mərhələsi oldu. Ümumilikdə, ölkəmizdə qadınların inkişafına xüsusi diqqət yetirilmiş, onların ictimai-siyasi və iqtisadi həyatda aktiv iştirakı təmin olunmuşdur. 

Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də xalqımız üçün bir mayak olmaqla inkişaf və tərəqqi yolumuzu müəyyənləşdirir. Onun siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin atdığı addımlar da hər bir azərbaycanlıda qürur və fərəh hissi yaradır.

Naxçıvan qadınları tarix boyu Azərbaycan qadınının inkişafına töhfə vermiş, milli mədəniyyətimizin və adət-ənənələrimizin qoruyucusu olmuşdur. Qədim Naxçıvan torpağında qadınlarımız elmin, maarifçiliyin və ictimai həyatın müxtəlif sahələrində öz dəsti-xəttini qoymuşlar. Onlar dövlət quruculuğu, hüquq-mühafizə, elm, səhiyyə, təhsil,  mədəniyyət, idman, kənd təsərüffatı və digər sahələrdə fəaliyyət göstərirlər.

Bütün dövrlərdə xüsusən də ölkəmiz müstəqillik qazandığı ötən müddət ərzində muxtar respublika qadınlarının fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir, fəxri adlara, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər.

Daha sonra Ramilə Seyidova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları  təbrik edərək, onlara sağlam və firavan həyat arzulamışdır.

Sonra isə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rza Xudiyev, Naxçıvan Dövlət Universitetinin  tələbəsi, Heydər Əliyev təqaüdçüsü Fidan Hüseynova tədbirdə çıxış edərək Azərbaycan qadınlarının özlərinin ictimai-siyasi fəallığı, vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində həm Şərq, həm də Qərb dünyası üçün unikal inkişaf yolu seçdiklərini bildirmiş və bayram münasibətilə xanımları təbrik ediblər

Əlavə olaraq Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova da tədbirdə çıxış edərək qadınları təbrik etmişdir. 

Tədbirin davamında muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən 20 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomların verilməsi mərasimi keçirilib.

Daha sonra isə tədbir bədii hissə ilə davam edib. 

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Rspublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan yaradıcı kollektivlərin, Naxçıvan Qızlar Liseyinin şagirdlərinin və Naxçıvan şəhər 7 nömrəli Körpələr evi-uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri göstərilmişdir.

Tədbir iştirakçısı olan qadınlara gül təqdim edilmişdir.