“Naxçıvan Muxtar Respublikasının 2025-ci il üçün mülki müdafiə tədbirləri Planı”na uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib.
“İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə mülki müdafiə rəhbəri, şəhərin fövqəladə hallar üzrə komissiyası, hüquq-mühafizə orqanının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Plana əsasən Naxçıvan şəhəri ərazisində “şərti” zəlzələ baş verib. Bu səbəbdən şəhər ərazisində “şərti” dağıntılar olub, hadisə nəticəsində “ölən” və “xəsarət” alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib.
Əvvəlcə əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub, mülki müdafiə kəşfiyyatı aparılıb, fövqəladə hal zamanı yaranan yanğınlar söndürülüb və zərərçəkən insanlar təxliyə olunub. Hüquq-mühafizə orqanları tərəfindən ərazinin mühafizəsi təşkil edilib, təhlükəsizlik tədbirləri həyata keçirilib, əraziyə kənar şəxslərin daxil olmasının qarşısı alınıb.
“Şərti” zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin edilib.
Ərazidəki qəzalı elektrik, qaz, su və rabitə xətlərində təmir-bərpa işləri aparılıb, qəza-bərpa dəstələrinin fəaliyyəti yoxlanılıb və epidemiya əleyhinə tədbirlər görülüb.
Mülki müdafiə məşqinə ümumilikdə 300-dən artıq şəxsi heyət və 60-dan artıq texnika cəlb olunub.
Uğurla reallaşdırılan məşqdən sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin rəisi mayor Şərif Əsədov çıxış edərək əldə edilən nəticələri müzakirə edib, aidiyyəti üzrə tapşırıqlar veriblər.