Avqustun 9-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhəri ərazisində ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması və mövcud ağacların sağlamlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilib.
Bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan dairəvi avtomobil yolunun kənarlarında təmizlik və abadlıq işləri aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Tədbir çərçivəsində ərazilərdə yerləşən ağacların torpaqları yumşaldılıb, suvarma işləri aparılıb, həmçinin ağacların dib hissələri əhənglənərək ağardılıb və budama işləri görülüb. Bu da həm onların günəş şüalarının təsirindən qorunmasına, həm də estetik görünüşün artırılmasına xidmət edir.
Qeyd edək ki, müntəzəm olaraq bu cür tədbirlərin keçirilməsində əsas məqsəd, yaşıllıqların baxımsız qalmasının qarşısının alınması və onlara aqrotexniki qulluq göstərilməsindən ibarətdir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bu cür mütəşəkkil tədbirlər şəhərin ümumi abadlığına, təmizliyinə və ekoloji tarazlığın qorunmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.