Naxçıvan şəhərində yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlərin görülməsi davam etdirilir

Sentyabrın 6-da "Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan dairəvi avtomobil yolunun kənarlarında ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması və mövcud ağacların sağlamlığının təmin olunması istiqamətində təmizlik və abadlıq işləri aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında və binaların həyətlərində  məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, yaşıllıq zolaqlarına qulluq göstərilib.
Görülən işlər nəticəsində ərazilərdə yerləşən ağacların torpaqları yumşaldılıb, suvarma işləri aparılıb, həmçinin ağacların dib hissələri əhənglənərək ağardılıb və budama işləri aparılıb.
Qeyd edək ki, Naxçıvan şəhərində yaşıllıqların qorunması istiqamətində bu cür tədbirlərin görülməsində əsas məqsəd, şəhər ərazisinin təmiz saxlanılmasından,  yaşıllıqların baxımsız qalmasının qarşısının alınmasından və onlara aqrotexniki qulluq göstərilməsindən ibarətdir.