16 avqust 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhəri ərazisində ekoloji tarazlığın qorunması, yaşıllıqların salınması və mövcud ağacların sağlamlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilib.
Bu məqsədlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan dairəvi avtomobil yolunun kənarlarında mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Tədbir çərçivəsində ərazilərdə yerləşən ağacların torpaqları yumşaldılıb, suvarma işləri aparılıb, zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb. Eyni zamanda, ağacların dib hissələri əhənglənərək ağardılıb.
Naxçıvan şəhərində həyata keçirilən bu ekoloji təşəbbüslər bir daha göstərir ki, təbiətin mühafizəsi və yaşıllıqların qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.