Naxçıvan şəhərində yaşıllıqlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir

İyulun 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və dairəvi avtomobil yolunun kənarlarında geniş miqyaslı təmizlik və abadlıq işlər aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Tədbir çərçivəsində ağaclar ağardılıb, dibləri bellənib və suvarma işləri aparılıb. Bu həm ətraf ərazilərin təmizliyi, həm də yaşıllıqların qorunması və mühitin estetik görünüşünün yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bu cür mütəşəkkil tədbirlər şəhərin ümumi abadlığına, təmizliyinə və ekoloji tarazlığın qorunmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.