Naxçıvan şəhərində “Yaradıcı sənayelər sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilib

25 noyabr 2025-ci il tarixində Naxçıvan şəhərində yaradıcı sənayelərin inkişafına həsr olunmuş “Yaradıcı sənayelər sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yaradıcı sahibkarlığın dəstəklənməsi, mövcud problemlər və gələcək inkişaf istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Tədbir zamanı Azərbaycan Biznesinin İnkişafı Fondunun nümayəndəsi Orxan Gülalıyev yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara təqdim olunan maliyyə dəstəyi alətləri və mövcud güzəştli kredit imkanları barədə ətraflı məlumat verib. O, innovativ layihələrin dəstəklənməsi, yaradıcı bizneslərin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və bu sahənin inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Bundan əlavə, tədbir zamanı yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təqdim olunan dəstək mexanizmləri barədə də məlumat verilib. Qeyd edilib ki, KOBİA tərəfindən yaradıcı biznes subyektlərinə maliyyələşmə imkanları, peşəkar təlim və məsləhət xidmətləri, eləcə də yerli və beynəlxalq sərgilərdə iştirakla bağlı göstərilən dəstək tədbirləri bu sahədə fəaliyyət göstərən sahibkarların inkişafına mühüm töhfə verir.