Avqustun 12-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramazan Nəsirov keçirilən tədbirin mahiyyətindən söz açıb.
Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Çıxışlar zamanı əhalinin sosial rifahının yaxşılaşdırılması, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin edilməsi, tənha ahıllar və əlilliyi olan şəxslərə evdə sosial xidmət göstərilməsi istiqamətində mütəmadi işlərin aparılmasından danışılıb.
Eyni zamanda aztəminatlı ailələrin müəyyən olunması, əlillik təyinatı, reabilitasiya tədbirlərinə cəlb olunması, sosial xidmətlərin göstərilməsi istiqamətində də geniş maarifləndirmə işlərinin həyata keçirildiyi bildirilib.
Tədbir zamanı iştirakçılara mövcud sosial müdafiə mexanizmləri, özünüməşğulluq imkanları, sosial yardım təyinatı üçün tələb olunan prosedurlar barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb və praktiki tövsiyələr təqdim olunub.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında sahə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin nümayəndələri də iştirak ediblər.