Naxçıvan şəhərində veloyürüş keçirilib.

COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq keçirilən kütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dən çox insan öz velosipedi ilə yarışda iştirak edib. Veloyürüşdə Naxçıvan Şəhər İcra Hakimiyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev və digər rəsmi şəxslər də iştirak ediblər.

"Saat Meydanı" İstirahət Mərkəzində veloyürüşün açılış mərasimi təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləsləndirilib. Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov iştirakçıları salamlayaraq respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı həlli istiqamətində ümummilli lider Heydər Əliyevdən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyində böyük işlər həyata keçirildiyini xatırladıb, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə dünya müstəvisində aparıcı mövqeyə malik olduğunu deyib. Qeyd olunub ki, noyabrda Azərbaycanın COP29 kimi mötəbər konfransa ev sahibliyi etməsi 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ümumilikdə bu sahədə atılan adımlar onu göstərir ki, dövlətimiz ekoloji mühafizə məsələsinə, həm də beynəlmiləl müstəvidən baxır. Ölkəmizdə “yaşıl enerji” zonası elan olunan Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran Məcid Seyidov əlavə edib ki, bugünkü veloyürüş yalnız insanların sağlam həyat tərzinə və ya ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadəyə təşviqinə deyil, eyni zamanda cəmiyyətin diqqətini ekoloji problemlərə yönəltmək, bununla mübarizədə birlik, həmrəylik nümayiş etdirməkdir. 

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə danışıb, veloyürüşlə bağlı təəssüratlarını bölüşüb. Şəhər sakinlərinin ekoloji biliklərinin artırılması, əhalinin mühafizə prosesindəki rolunun artırılması, velosipeddən istifadənin gündəlik həyat tərzinə çevrilməsi üçün maarifləndirici tədbirlərin davam etdirildiyini vurğulayıb. Dövrün aktual ekoloji problemləri ilə mübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddən istifadənin önəmi ifadə olunub. 

      8000 metr məsafə qət edilən yarışın nəticələrinə əsasən kişilər arasında Asiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinci çatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, Elvin Mikayılzadə ilə Aydan Qasımlı üçüncü olublar. İlk üç yerin sahibləri diplom və hədiyyələrlə təltif olunublar.