Yanvarın 26-da Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “30 illik həsrətin 44 günlük Vətən müharibəsindəki Qələbəsinin 5 ili” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin adından tədbir iştirakçılarını salamlayıb, şəhid ailələrinə dərin hörmət və ehtiramını bildirib, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib. Qeyd edib ki, şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların göstərdiyi vətənpərvərlik nümunələri bu günkü və gələcək nəsillərə daim aşılanacaqdır.
Tədbirdə məktəbin direktoru Famil Abdullayev, şəhid Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova və şəhid Şahmar Quliyevin anası Səkinə Quliyeva çıxış edərək qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs ediblər.
Daha sonra məktəbin şagirdləri tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və “Zəfərin 5 ili” mövzusunda hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.