Naxçıvan şəhərində vətəndaşlarla səyyar qəbul keçirilib

29 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla növbəti səyyar qəbul keçirib. Qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Əhməd Vəliyev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılmasının prioritet olduğunu vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.