Oktyabrın 4-də Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan Naxçıvan şəhər sakinlərini qəbul edib.
Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Əhməd Vəliyev sakinlərə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, səyyar qəbulların da məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Sonra sakinlərin həyətyanı sahədən qrunt sularının kənarlaşdırılması, işlə təmin olunma, yollara asfalt örtük verilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin həlli ilə bağlı aid şəxslərə tapşırıqlar verilib və zəruri tədbirlərin görüləcəyi bildirilib.
Vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıq ediblər.