Naxçıvan şəhərində vətəndaş qəbulu keçirilib.

Dekabrın 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan sakinləri qəbul edib, müraciətlərini dinləyib.

Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində işlər görülməsini vətəndaşların diqqətinə çatdırıb.

Eyni zamanda İcra hakimiyyəti başçısı Cabbar Musayev "Yaşıl dünya naminə həmrəylik ili" və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən aksiyalardan və bu aksiyaların davam etdiriləcəyindən, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən yağış sularının asfalt örtüyünə və yaşayış evlərinə vurduğu  zərərdən, sökülmüş obyektinin əvəzində kompensasiya və ya torpaq sahəsinin verilməsindən, əhali sıxlığını nəzərə alıb yeni məktəb binasının  tikilməsindən və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri ilə bağlı müvafiq izah verilib və araşdırılması üçün nəzarətə götürülüb.

Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrdə də müntəzəm olaraq yerlərdə vətəndaş qəbulu keçirilməsi nəzərdə tutulub.

Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.