Naxçıvan şəhərində “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib

Noyabrın 3-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Naxçıvan Dövlət Texniki Kollecində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Vətən Müharibəsi Qəhrəmanları ilə bir gün”-müharibə iştirakçılarının gənclərlə görüşü təşkil olunub.
Tədbirə başlamazdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanov, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Firuz Məmmədov, eləcə də qazilər və gənclər çıxış edərək Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, şəhidlərimizin və qazilərimizin göstərdiyi igidlikdən danışıblar. Çıxışlarda həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmi vurğulanıb.
Sonra Vətən Müharibəsi Qəhrəmanları - Elçin Allahverdiyev, Pərviz Muradov, Seymur Məmmədov, Uğur Bayramov və Feyruz Məmmədov 44 günlük Vətən Müharibəsində keçdikləri döyüş yolundan və xatirələrindən bəhs edib, gənclərin suallarını cavablandırıblar.
Sonda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.