Naxçıvan şəhərində “Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib

31 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən və Naxçıvan şəhərində müvafiq sahədə həyata keçirilən tədbirlərdən bəhs edib.Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək bildirib ki, uşaqların fikirlərini ifadə etmək və ünsiyyət qurmaq hüququ onların şəxsiyyət kimi inkişafı və cəmiyyətə uyğunlaşması baxımından böyük önəm daşıyır. Vurğulanıb ki, uşaq ailədə, məktəbdə və ümumilikdə cəmiyyətdə düşüncələrini sərbəst şəkildə ifadə edə bildikdə, onun psixoloji inkişafı daha sağlam formalaşır və özünəinam hissi güclənir.
Sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov mövzu ətrafında çıxış edərək bildirib ki, mediasiya uşaqların səsinin eşidilməsinə və onların hüquqlarının müdafiəsinə dəstək göstərən mühüm mexanizmdir. Mediasiya vasitəsilə ailələrdə qarşılıqlı anlaşma güclənir, fikir ayrılıqları isə qarşıdurmaya çevrilmədən dialoq yolu ilə həll olunur. Bu platforma uşaqlar üçün daha sağlam ünsiyyət mühitinin formalaşmasına şərait yaradır.
Tədbirin davamında mövzu ilə bağlı müzakirələr aparılıb.