Naxçıvan şəhərində uşaq müəssisəsində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhər 8 nömrəli körpələr evi–uşaq bağçasında Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətə həsr olunmuş seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov mövzunun aktuallığından və tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova və Naxçıvan Muxtar Respublikasının İctimai Səhiyyə Xidmətinin əməkdaşı Zakir Cəfərov çıxış edərək bildiriblər ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşdırılmasının əsas şərtlərindən biridir. Sanitariya qaydalarına riayət edilməsi uşaqlar üçün təhlükəsiz və rahat mühit yaradır. Həmçinin, sanitar-gigiyenik normalara riayət olunmasının uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığıda çıxışlarda qeyd edilib. Qeyd edək ki, seminar diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.