10 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhər 7 nömrəli körpələr evi–uşaq bağçasında muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək uşaqların sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən sanitariya normalarının pozulmasına yol verən şəxslər hüquqi məsuliyyət daşıyırlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Zakir Cəfərov mövzu ilə bağlı çıxış edərək uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin təşkilinə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb və bu istiqamətdə davamlı tədbirlərin vacibliyini vurğulayıb.
Diskussiya xarakterli təşkil edilən seminarda mövzu ilə bağlı broşürlər paylanılıb.