Naxçıvan şəhərində “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şəfa Rəhimova çıxış edərək qeyd edib ki, uşaqlar hər bir cəmiyyətdə xüsusi qayğı və diqqətə layiq olan fərdlərdir. Onlar doğulduqları gündən müəyyən hüquqlara malikdirlər və bu da onların sağlam, təhlükəsiz və xoşbəxt böyümələrini təmin edir. Uşaq hüquqları arasında təhsil almaq, sağlamlıq xidmətlərindən yararlanmaq, ailə və cəmiyyət tərəfindən qorunmaq, həmçinin öz fikirlərini sərbəst ifadə etmək hüquqları əsas yer tutur.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova bildirib ki, uşaqların hüquqları ilə yanaşı müəyyən vəzifələri də vardır. Onlar öz yaşına və bacarıqlarına uyğun olaraq təhsillərinə diqqət yetirməli, valideynlərinə və müəllimlərinə hörmət göstərməli, həmyaşıdları ilə düzgün münasibətlər qurmalı və cəmiyyətin qaydalarına riayət etməlidirlər. O vurğulayıb ki, uşaq hüquqları və vəzifələri bir-birini tamamlayır və uşağın şəxsiyyət kimi formalaşmasına xidmət edir. Hər bir uşaq həm öz hüquqlarını bilməli, həm də vəzifələrini yerinə yetirməyi öyrənərək məsuliyyətli vətəndaş kimi böyüməlidir.
Sonda məktəbin direktoru Natella Rzayeva çıxış edərək tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir diskussiya şəklində davam edib və iştirakçıların sualları cavablandırılıb.