Naxçıvan şəhərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində qəyyumluqda olan uşaqlarla görüş keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş “Uşaq Hüquqları Aylığı” və Ümumdünya Xeyirxahlıq Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri qəyyumluqda olan uşaqlarla görüş təşkil ediblər.
Görüş zamanı komissiya üzvləri uşaqların və qəyyumların yaşayış şəraitini yerində araşdırıb, mövcud vəziyyətlə tanış olublar. Uşaqların ehtiyacları, üzləşdikləri çətinliklər və qəyyumların qayğıları dinlənilib.
Komissiya nümayəndələri dövlətin uşaq rifahının yaxşılaşdırılması, sağlam inkişafın təmin olunması və onların cəmiyyətə faydalı fərdlər kimi formalaşması istiqamətində həyata keçirdiyi sosial müdafiə mexanizmləri və mövcud proqramlar barədə qəyyumlara və uşaqlara ətraflı məlumat veriblər.\
Görüşdə həmçinin uşaqların və qəyyumların irad və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Qeyd olunub ki, bu kimi mütəmadi görüşlərin təşkili uşaqların hüquqlarının müdafiəsinə, sosial təminatının gücləndirilməsinə və dövlətin uşaq siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət edir.