Naxçıvan şəhərində “Ümummilli Lider Heydər Əliyev: Multikulturalizm və tolerantlıq siyasətinin banisi” mövzusunda tədbir keçirilib

08 dekabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Məscid Kompleksində “Ümummilli Lider Heydər Əliyev: Multikulturalizm və tolerantlıq siyasətinin banisi” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova bildirib ki, müasir Azərbaycanın hüquqi-siyasi əsaslarının formalaşması, Konstitusiyanın qəbul olunması və suveren dövlətçilik sisteminin qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Ulu Öndər tolerantlıq və multikulturalizm dəyərlərini dövlət siyasəti səviyyəsinə qaldıraraq Azərbaycanı müxtəlif millətlərin və dinlərin dinc şəraitdə birgə yaşadığı nümunəvi ölkəyə çevirib.
Gülxanım Orucova tolerantlıq və multikulturalizm siyasətinin bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və dinlərarası harmoniya mərkəzi kimi tanındığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanitar fəaliyyəti, tolerantlıq və mədəniyyətlərarası dialoqa verdiyi dəstək Ulu Öndərin siyasi xəttinin müasir mərhələdə uğurla davam etdirildiyinin bariz göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Sabir Xəlilov çıxışında bildirib ki, Azərbaycanda dini dözümlülüyün və multikultural mühitin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, ölkəmiz tarixən müxtəlif dinlərin və etnik qrupların sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı bir məkan olduğunu vurğulayıb.
Çıxışlardan sonra mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılar Heydər Məscidi ilə tanış olub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, təhsil, mədəniyyət, gənclər və idman qurumlarının nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.