Naxçıvan şəhərində taxıl biçininin böyük hissəsi başa çatdırılıb

Naxçıvan şəhəri üzrə 2026-cı ilin məhsulu üçün əkilmiş 473,5 hektar taxıl sahəsində biçin prosesi uğurla davam etdirilir. Əkin sahələrinin 193,8 hektarını buğda, 279,7 hektarını isə arpa təşkil edir. 17 iyul 2026-cı il tarixinə olan məlumata əsasən, şəhər üzrə ümumilikdə 455,5 hektar sahədə biçin işləri aparılıb. Biçilmiş sahələrin 183,4 hektarı buğda, 272,1 hektarı isə arpa əkinləridir. Həyata keçirilən biçin işləri nəticəsində hər hektardan orta hesabla 32 sentner məhsuldarlıq əldə olunmaqla, ümumilikdə 1458 ton taxıl tədarük edilib. Biçinin itkisiz başa çatdırılması, məhsulun vaxtında daşınaraq anbarlara təhvil verilməsi daim diqqətdə saxlanılır. Biçin prosesində müasir kombaynlardan istifadə olunması məhsulun operativ və keyfiyyətli şəkildə yığılmasına imkan yaradıb. Taxılın sahələrdən tam şəkildə götürülməsi və məhsul itkisinə yol verilməməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Taxıl biçininin səmərəli şəkildə aparılması Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin dəstəyi ilə həyata keçirilir.