Sahibsiz heyvanlar daha çox insanların etinasızlığı nəticəsində küçələrdə yaşamaq məcburiyyətində qalan heyvanlardır.
Onlar da canlı varlıqlardır və onları qorumaq, qayğı göstərmək, yaşamaq haqqı tanımaq, kömək etmək isə insanlığın göstəricisidir. Çünki, küçə heyvanları da ətrafımızdakı təbii nizamın bir parçasıdır və sağlam ekosistem üçün onların da qorunması əhəmiyyətlidir.
Dövlətimiz tərəfindən sahibsiz heyvanların qorunması, onların sağlam həyat şəraitində yaşaması üçün lazımi tədbirlər görülür. Bununla bağlı Naxçıvan şəhərində də bir sıra işlər görülməkdədir. Sahibsiz heyvanların saxlanılması məntəqəsinin (Sığınacağının) inşa olunması, burada heyvanlar üçün normal həyat şəraitinin yaradılması da bu işlərin tərkib hissəsidir.
Hazırda həmin məntəqədə 400-dən artıq sahibsiz heyvan saxlanılır. Daimi diqqət mərkəzində olan məntəqədə heyvanlar üçün dəmir çəpərlə çəpərlənmiş, üzəri dam örtüyü ilə örtülmuş otaq qəfəslər yaradılıb. Burada heyvanların yemlənməsi müxtəlif müəssisələrdən alınan qida məhsulları (ət, toyuq, çörək və s.) ilə təmin olunur.
Qardaş Türkiyə Respublikasından veterinar, həkim heyəti dəvət olunaraq heyvanların müayinəsi həyata keçirilir. Məntəqədə müntəzəm olaraq peyvəndlənmə və dezinfeksiya işləri görülür, yem qabları, su çənləri həmişə yuyulur. Yeni gələn heyvanlar onlar üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Həmçinin, balalı heyvanlara yem, su ayrı verilir və onlar digər heyvanlardan ayrı saxlanılır.
Lakin etiraf edək ki, bu sahədə hələ daha çox iş görülməsinə ehtiyac var. Vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda məhəllələrdə olan sahibsiz itlərin onları narahat etməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciətlər daxil olur. Bu problemlərin də aradan qaldırılması vətəndaşlar üçün təhlükəsiz mühitin yaradılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhəllələrdə olan sahibsiz heyvanların sığınacaqlara yerləşdirilməsi üçün xüsusi avtomobil sifarişi verilib və yaxın günlərdə həmin avtomobil müvafiq xidmətin istifadəsinə veriləcəkdir.
Bununla yanaşı, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sahibsiz heyvanların sığınacaq şəraitinin yaxşılaşdırılması, heyvanların müayinəsi və qidalanmasına dəstək üçün sosial aksiyaların, layihələrin, xeyriyə xarakterli konsertlərin təşkili də nəzərdə tutulub.
Vətəndaş olaraq bizim nə edə biləcəyimizə gəlincə isə bununla bağlı hamımıza məlum olan bir çox seçim mövcuddur.
Sahibsiz heyvanları sevmək, onlara su və yemək vermək, yaşaması üçün yerlərin inşa edilməsi məqsədilə xeyriyə tədbirlərinə qoşulmaq və.s.
Unutmayaq ki, sahibsiz heyvanların daha yaxşı şəraitdə, sağlam və təhlükəsiz həyat sürməsi üçün hər birimizin dəstəyi önəmlidir.
Sonda qeyd edək ki, sizi narahat edən sahibsiz heyvanlar olarsa, onların mövcud olduğu, cəmləşdiyi yerlər barədə 545-01-71 nömrəsi vasitəsilə Naxçıvan Şəhər İcra Hakimiyyətinə məlumat verə bilərsiniz.