14 iyul 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Uşaq-gənclər idman məktəbinin birgə təşkilatçılığı, həmçinin Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə 2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlam ruhda böyüməsinə şərait yaratmaqdan ibarət olub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birinciliyin yekununa əsasən 45 kq çəkidə İbrahim Məmmədov, 51 kq çəkidə Şahin Əsgərli, 55 kq çəkidə Şamxal Əlizadə, 60 kq çəkidə Məcnun Abbasov, 65 kq çəkidə Səfər Muradov, 71 kq çəkidə Polad Əhmədov və 81 kq çəkidə İsmayıl Əlizadə I yerin qalibləri olublar. Sonda ilk üç yerin qalibləri diplomla mükafatlandırılıblar.