Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “Şəhidlərimizin əziz xatirəsi – gənc nəslin yaddaşında” mövzusunda tədbir keçirilib.
Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə keçirilən tədbir ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Günel Quliyeva açılış nitqi ilə çıxış edərək şəhidlərin qəhrəmanlıq yolunun gənc nəslə çatdırılmasının, şagirdlərin Vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda tərbiyə olunmasının əhəmiyyətindən danışıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov bildirib ki, şəhid və qazilərin qəhrəmanlığı nəticəsində Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyulub. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi ilə ölkənin ərazi bütövlüyü təmin edilib, 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində suverenlik bərpa olunub. İsmayıl Gülməmmədov şəhidlərin xatirəsinin yaşadılmasını və onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılmasını mənəvi borc kimi qiymətləndirib.
Daha sonra müharibə iştirakçısı, qazi Arif Niftəliyev və məktəbin tarix müəllimi, Cəbrayıl rayonunun Dəmirvarlı kəndindən olan şəhid bacısı Xatirə Baxşəliyeva çıxış edərək Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, şəhidlərin keçdiyi qəhrəmanlıq yolundan və onların əziz xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən söz açıblar. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda şəhidlərin döyüş yolu və qəhrəmanlığının gənc nəslin yaddaşında əbədi yaşadılmasının vacibliyi vurğulanıb.