Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Nəzərəliyev Abbasəli Qaragöz oğlunun doğum günü və şəhid Məmmədov Abbas Əbülfəz oğlunun ildönümü qeyd olunub.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov İcra Hakimiyyəti başçısı cənab Cabbar Musayevin salamlarını şəhid ailələrinə çatdıraraq onlara göstərilən hörmət və ehtiramı diqqətə çatdırıb, şəhidlərə Allahdan rəhmət diləyib. O bildirib ki, 1990-cı ildə Sədərək rayonu erməni silahlı birləşmələrinin hücumuna məruz qalanda Naxçıvanın qeyrətli oğulları sırasında Abbasəli Nəzərəliyev də torpaqlarımızın müdafiəsinə qalxıb və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
1994-cü ildə Ağdam rayonunun müdafiəsi zamanı canını fəda edən şəhid Abbas Məmmədovun qəhrəmanlığı da Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.
Vurğulanıb ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində ordumuz torpaqlarımızı 44 gün ərzində düşmən işğalından azad edərək şəhidlərimizin qisasını aldı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Abdulla Əsgərov, 9 nömrəli tam orta məktəbin direktoru Natella Rzayeva və şairə Sevinc Səbzəliyeva çıxış ediblər.
Daha sonra şəhid Abbasəli Nəzərəliyevin qızı Şövkət Nəzərəliyeva və şəhid Abbas Məmmədovun anası Fatma Məmmədova göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.