Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canında keçən qəhrəman oğullarımız şəhid Məmmədzadə Pərviz Zahid oğlunun və şəhid Məmmədov Araz Qəhrəman oğlunun şəhid olmalarının beşinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, şəhidlərimiz Pərviz Məmmədzadə və Araz Məmmədovun Vətən müharibəsində göstərdikləri igidlik bugünkü və gələcək nəsillər üçün bir örnəkdir. Onların xatirəsi daim ehtiramla yad ediləcəkdir.
Tədbirdə Ali Məclisin deputatı Nuray Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan şəhər idarəsinin rəis əvəzi Süleyman Mirzəyev, Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirfani Seyidov, şəhid Kənan Quliyevin anası İlhamə Quliyeva, şəhid İslam Eyvazovun anası Aytən Eyvazova, şəhid Amin Gülməmmədov atası Mayis Gülməmmədov, qazi Xəyal Kərimov və Əli Musayev çıxış edərək şəhidlərin qəhrəmanlığından söz açıblar.
Daha sonra şəhid Pərviz Məmmədzadənin anası Pərvanə Cəfərova və şəhid Araz Məmmədovun anası çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, Heydər Əliyev adına Hərbi Liseyinin, Naxçıvan şəhər 9 və 13 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.