Oktyabrın 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid kapitan Aşur Cəmiyevin şəhidliyinin beşinci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun və Əlahiddə Sərhəd Diviziyasının zabit və əsgərləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin şəhid ailələrinə olan dərin hörmət və ehtiramını çatdırıb, şəhidlərə Allahdan rəhmət diləyib. O, qeyd edib ki, Cəmiyev Aşur Bəybala oğlu 2020-ci il sentyabrın 27-də Prezidentimizin "Dəmir yumruğu" ətrafında birləşən zabitlərdən biri kimi torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılmışdır. Zəngilan–Cəbrayıl istiqamətində gedən döyüşlərdə vətənpərvərlik nümunəsi göstərən şəhid Aşur Cəmiyev oktyabrın 21-də qəhrəmancasına şəhid olmuşdur. Onun Vətənə əmanət qalmış üç övladından ikisi bu gün hərbi liseydə oxuyaraq atasının yolunu davam etdirməkdədir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İmran Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təhminə Babayeva, Əlahiddə Sərhəd Diviziyasının zabiti polkovnik-leytenant İsmayıl İsmayılov, şəhid Bəşir Mehdiyevin atası Yusif Mehdiyev və şəhid Fuad Əlizadənin nənəsi Şəfa Əliyeva çıxış edərək şəhidlərə hörmət və ehtiramlarını ifadə ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib.