Naxçıvan şəhərində şəhid İbrahimov Seymur Zamin oğlunun və Quliyev Vəli Vəli oğlunun şəhadətinin beşinci ildönümü qeyd edilib

6 noyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid İbrahimov Seymur Zamin oğlunun və Quliyev Vəli Vəli oğlunun şəhadətinin beşinci ildönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, Naxçıvan şəhər 13, 14, 17 nömrəli tam orta məktəblərin, Naxçıvan Qızlar Liseyinin müəllim və şagirdləri də iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov açaraq şəhid Seymur İbrahimovun və Vəli Quliyevin qəhrəmanlıqlarının bugünkü və gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb.
Bildirib ki, bu gün şəhidlərimizin azad etdiyi torpaqlarda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. 30 il doğma yurdlarına həsrət qalan soydaşlarımız öz el-obalarına qayıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nuray Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, şəhid Qurbanov Xansunun anası Yamən Abbasova, şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, şəhid Vəli Quliyevin döyüş yoldaşları Elmir Paşayev və Hüseyn Həsənov çıxış edərək şəhidlərin vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlığının daim yüksək qiymətləndirildiyini vurğulayıb, şəhidlərin xatirəsini ehtiramla yad edib, ailələrinə dərin hörmət və minnətdarlıq hisslərini bildiriblər.
Sonda Şəhid Seymur İbrahimovun anası Tacirə İbrahimova, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva və atası Kamal Quliyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.