02 noyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid leytenant Seyidov Nihat Mehman oğlu və şəhid əsgər İbrahimov İbrahim Etibar oğlunun şəhadətinin beşinci ildönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, həmçinin Naxçıvan şəhər 15 və 17 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri də iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin salamlarını və ehtiramını şəhid ailələrinə çatdırıb, şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib. O, çıxışında qeyd edib ki, Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilib, 2023-cü ilin 20 sentyabr tarixində isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu qələbənin qazanılmasında şəhid leytenant Seyidov Nihat Mehman oğlu və şəhid əsgər İbrahimov İbrahim Etibar oğlunun xidmətləri də danılmazdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev və Əlillərin Bərpa Mərkəzinin icraçı direktoru Zahir Əliyev, şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, şəhid Kənan Rzayevin anası Bahar Rzayeva, şəhid Bəşir Mehdiyevin atası Yusif Mehdiyev, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və qazi Xəyal Kərimov çıxış edərək şəhidlərə olan hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra şəhid İbrahimov İbrahim Etibar oğlunun atası Etibar İbrahimov və şəhid Seyidov Nihat Mehman oğlunun anası İlhamə Seyidova övladlarının vətənpərvərlik və igidlik nümunəsinin gələcək nəsillər üçün bir örnək olduğunu vurğulayıb, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir zamanı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə şəhid İbrahimov İbrahim Etibar oğlunun adını daşıyan sinfin kollektivi tərəfindən şəhidin atasına, 17 nömrəli məktəbdə isə şəhid Seyidov Nihat Mehman oğlunun adını daşıyan sinfin kollektivi tərəfindən şəhidin anasına xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib.