Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Eyvazov İslam Həsən oğlunun şəhadətinin 5-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin salamlarını şəhid ailələrinə çatdırıb, şəhidlərimizə Allahdan rəhmət diləyib. İsmayıl Gülməmmədov çıxışında bildirib ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. 30 il doğma yurdlarına həsrət qalan soydaşlarımız öz el-obalarına qayıdır.
Torpaqlarımızın azad olunmasında əsl vətənpərvərlik nümunəsi göstərən qəhrəmanlardan biri də Eyvazov İslam Həsən oğludur. Onun vətənə sədaqəti və qəhrəmanlığı bugünkü və gələcək nəsillər üçün bir örnəkdir.
Tədbirdə Ali Məclisin deputatı Nuray Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Valeh Baxşəliyev, şəhid Şükür Hacıyevin anası Fatma Hacıyeva və şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış ediblər.
Daha sonra şəhid İslam Eyvazovun anası Aytən Eyvazova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.