Naxçıvan şəhərində “Şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib

04 iyun 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və tikinti sahəsində dövlət nəzarəti və qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilib.
Tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq-tikinti məsələləri, şəhər təsərrüfatı və mədəni irsin qorunması sektorunun müdiri-şöbə müdirinin müavini (baş memar) Qalib Abbasov şəhərsalma və tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının, eləcə də dövlət nəzarətinin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Həbib Kərimov, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Şəfəq Cəfərova, Prokurorluğun əməkdaşı, kiçik ədliyyə müşaviri Jalə İbrahimova və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının müdiri Ruslan Ələkbərov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Çıxışlarda şəhərsalma və tikinti fəaliyyətinə dövlət nəzarəti, təhlükəsizlik qaydaları, əmək mühafizəsi tədbirləri və qanunvericiliyin tələblərinin icrası ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin baş memarları da iştirak ediblər. Görüş zamanı memarlıq və şəhərsalma sahəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və perspektiv istiqamətlər müzakirə olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.