Naxçıvan şəhərində Qurban Bayramı ilə əlaqədar təşkil olunan heyvanların satış və kəsim məntəqələrinə baxış keçirilib

Qurban Bayramı günlərində vətəndaşların rahatlığının təmin olunması, sanitar-gigiyenik qaydalara əməl olunması və qurban ibadətinin düzgün şəkildə yerinə yetirilməsi məqsədilə Naxçıvan şəhərində yaradılmış qurbanlıq heyvanların satış və kəsim məntəqələrinə baxış keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri aidiyyəti qurumların nümayəndələri ilə birlikdə şəhər ərazisində fəaliyyət göstərən qurbanlıq satış və heyvan kəsimi məntəqələrində olub, burada yaradılan şəraitlə yaxından tanış olublar.
Baxış zamanı qurbanlıq heyvanların saxlanılması, satışının təşkili, kəsim prosesinin baytarlıq-sanitariya norma və qaydalarına uyğun aparılması, ərazidə təmizlik və dezinfeksiya işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb. Eyni zamanda vətəndaşlara heyvanların xüsusi ayrılmış məntəqələrdə kəsilməsinin vacibliyi, gigiyenik qaydalara əməl olunması və ictimai yerlərdə nizamsız kəsim hallarına yol verilməməsi ilə bağlı tövsiyələr verilib.
Qeyd olunub ki, Qurban Bayramı günlərində əhalinin təhlükəsiz və sağlam qida məhsulları ilə təmin olunması, eləcə də şəhərdə sanitar vəziyyətin qorunması məqsədilə aidiyyəti qurumlar tərəfindən nəzarət tədbirləri davam etdirilir.