Naxçıvan şəhərində “Payız-qış mövsümü dövründə mülkiyyətlərdə partlayış, yanğın və dəm qazı təhlükəsinə qarşı görüləcək tədbirlər”lə bağlı seminar-müşavirə keçirilib

03 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılğı ilə Qaraxanbəyli kəndində “Payız-qış mövsümü dövründə mülkiyyətlərdə partlayış, yanğın və dəm qazı təhlükəsinə qarşı görüləcək tədbirlər, yanğın təhlükəsizliyi sahəsində yerli özünüidarəetmə orqanlarının, eləcə də vətəndaşların üzərinə düşən vəzifələr”lə bağlı seminar-müşavirə keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Nail Əliyev müşavirəni giriş sözü ilə açaraq mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovun, Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin baş inspektoru, daxili xidmət mayoru Turan Şahhüseynovun və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinin ümumi şöbəsinin böyük inspektoru, daxili xidmət mayoru İsmət Əsgərovun mövzular ətrafında çıxışları dinlənilib.
Seminar-müşavirə müddətində iştirakçılara dəm qazı, məişətdə yanğınlar, yanğın hadisəsi zamanı davranış və odsöndürücü balonlardan istifadə qaydaları ilə bağlı slayd və videoçarxlar vasitəsilə ətraflı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd Naxçıvan şəhərinin yaşayış məntəqələrində payız-qış mövsümü dövründə partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarına qarşı qabaqlayıcı tədbirlər görmək və bu istiqamətdə əhalini maarifləndirməkdən ibarətdir.