Naxçıvan şəhərində olan yaşıllıqlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir

İyulun 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri ərazisində və Naxçıvan Dairəvi avtomobil yolunun kənarlarında təmizlik və abadlıq məqsədi ilə təmizlik işlər aparılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Tədbir çərçivəsində ağaclar ağardılıb, dibləri bellənib və suvarma işləri aparılıb. Bu həm ətraf ərazilərin təmizliyi, həm də yaşıllıqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən bu cür mütəşəkkil tədbirlər şəhərin ümumi abadlığına, təmizliyinə və ekoloji tarazlığın qorunmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.