Naxçıvan şəhərində növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı  ilə maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd Polis Akademiyasında təhsil almaq arzusu olan namizədlərin seçilməsi, o cümlədən daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, üstün cəhətləri və narkotik vasitələrdən istifadə edilməsinin ziyanları, spirtli içkilərin və tütün məhsullarının istifadəsinin zərərli təsirləri, sosial şəbəkələrdən düzgün istifadə edilməsi və kibertəhlükəsizlik mövzularında söhbətlərin aparılmasından ibarət olub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfəralı Vəliyev, Naxçıvan Şəhər Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini polis polkovnik-leytenantı Elvin Səfərli, Naxçıvan Şəhər Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Abbasəli Həsənov, Naxçıvan Şəhər Polis İdarəsinin kadr və peşə hazırlığı üzrə baş inspektoru polis mayoru Bahadur Maxsudov və Naxçıvan Şəhər Polis İdarəsinin Veteranlar şurasının sədri Mübariz Quliyev çıxış edərək mövzular barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və bəhs edilən mövzular ətrafında videoçarx nümayiş etdirilib.