22 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Müstəqil gələcəyimiz, milli dəyərlərimiz” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirov iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan dövləti bu gün müstəqilliyini möhkəmləndirən, gələcəyini milli dəyərlər üzərində quran güclü bir ölkədir. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərə sadiqlik siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Ramazan Nəsirov vurğulayıb ki, gənclər arasında milli kimlik, vətənpərvərlik və mənəvi dəyərlərin təbliği ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məktəblərdə keçirilən maarifləndirici görüşlər gənc nəslin vətənə, ailəyə və cəmiyyətə bağlılıq hissini gücləndirir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova və 5 nömrəli tam orta məktəbin direktoru Seymur Xudanov çıxış ediblər.
Natiqlər milli-mənəvi dəyərlərin qorunması və gənclərə ötürülməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Bildirilib ki, ailə institutunun möhkəmlənməsi, tərbiyə prosesinin keyfiyyətinin artırılması və uşaqlarda vətənə sədaqət hissinin formalaşdırılması gələcəkdə məsuliyyətli və vətənpərvər vətəndaşların yetişməsinə xidmət edir.
Çıxış edənlər həmçinin qeyd ediblər ki, qlobal təsirlərin artdığı müasir dünyada milli dəyərlərimizi qorumaq, onları gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevirmək hər birimizin borcudur. Təlimlərin keçirilməsi isə bu istiqamətdə maarifləndirici işin səmərəli təşkilinə şərait yaradır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.