Naxçıvan şəhərində maarifləndirici tədbir keçirilib

26 noyabr 2025-ci il tarixdə “25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü”nə dair 16 günlük kampaniya çərçivəsində “Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sevinc Əliyeva açılış nitqi ilə açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva çıxış edərək qeyd edib ki, cinsi ayrı-seçkiliyə əsaslanan selektiv abortlar cəmiyyətin demoqrafik tarazlığına və sosial dəyərlərinə ciddi zərər vurur. Bu proses gender bərabərliyini pozduğu üçün selektiv abortların qarşısının alınması məqsədilə hüquqi, tibbi və maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir.
Daha sonra çıxış edən Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası publik hüquqi şəxsinin həkim ginekoloqu Siddiqə İsmayılova vurğulayıb ki, cinsi əsaslarla edilən abortlar əhalinin gələcək strukturuna və psixososial mühitə uzunmüddətli təsir göstərir. Bu proses qız uşaqlarının dəyərsizləşdirilməsinə gətirib çıxarır və gender stereotiplərini dərinləşdirir. Xüsusilə tibb müəssisələrində etik nəzarət mexanizmləri selektiv abortların qarşısının alınmasında mühüm rol oynayır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə əlaqədar broşurlar paylanılıb.