Naxçıvan şəhərində məktəblilər arasında atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilib

9 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə məktəblilər arasında atletikanın qaçış növü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən Naxçıvan şəhər birinciliyində 30 şagird 100 və 400 metr məsafələrdə güc və bacarıqlarını sınayıblar.
Keçirilən birinciliyin nəticələrinə əsasən 100 metr məsafə üzrə Abbas Əkbərli I yerin, Murad Hümbətov II yerin, Tofiq Əliyev III yerin, həmçinin 400 metr məsafə üzrə Qəzənfər Şıxəlili I yerin, Eltun Abazərli II yerin və Murad Həsənov isə III yerin qalibi olublar.
Birinciliyin sonunda qalib idmançılar diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, birinciliyin keçirilməsində əsas məqsəd məktəblilərin sağlam ruhda böyüməsinə şərait yaratmaq, onların idmana marağını artırmaq və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü qeyd etməkdən ibarət olub. Keçirilən bu cür yarışlar məktəblilərin sağlam həyat tərzinə marağın artırılmasına və idmanın kütləviliyinə xidmət edir.