Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

01 oktyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Naxçıvan şəhərində əmək yarmarkası təşkil olunub.
Yarmarkada çıxış edən Agentliyin İdarə Heyətinin sədri Rasim Piriyev bildirib ki, işaxtaranların məşğulluğunun təmin edilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılması və kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu istiqamətdə gənclərlə yanaşı, xüsusi ixtisas və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin də məşğulluğunun təmin olunması mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları məhz bu kateqoriyadan olan şəxslərin işlə təmin edilməsində önəmli məşğulluq tədbirlərindən biridir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev çıxış edərək yarmarkanın açılışı münasibətilə iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlərinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, Muxtar respublikada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarında rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir.
Qeyd edək ki, yarmarkada 20-dən çox müəssisə tərəfindən ümumilikdə 140-dan artıq vakansiya işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən şəxslərin CV-ləri toplanaraq nəzərdən keçirilib və onların işlə təmin olunması istiqamətində tədbirlər görülməyə başlanıb.
Bundan əlavə, tədbir zamanı işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları haqqında ətraflı məlumat verilib, həmçinin ilkin sorğular aparılaraq onların ehtiyacları öyrənilib.